Sakinlərdən yığılan `liftpulu` hara xərclənilir - AÇIQ YEYİNTİ...
Paytaxtın köhnə doqquz mərtəbəli binalarının əksəriyyətində lift sistemi nasazdır və həmin binalarda yaşayan sakinlər üçün ciddi həyati təhlükə mənbəyinə çevrilib. Belə ki, magistral və şəhər mərkəzində yerləşən bu köhnə, sovet dövründən qalma binalar müxtəlif üzlüklərlə sadəcə görüntü naminə "yenilənmiş" olsa da, binaların blokları və lift sistemləri bərbad haldadır - necə deyərlər, üstü bəzək, altı təzək.
Məsələn, Biləcəri qəsəbəsində yerləşən həmin doqquz mərtəbəli binalardan birinin lift sistemi "can üstədir". Blok sakinləri kiminsə nə zamansa o lift ucbatından həyatından olacağını çox yaxşı bilsələr də, əllərindən heçnə gəlmir. Sakinlərdən Bizimyol.info xəbər portalına verilən məlumata görə, binanın lift sisteminin yenilənməsi üçün yerli aidiyyəti qurum tərəfindən vəsait toplanılsa da, lift dəyişdirilməyib: "Binanın blokunda təqribi 30 ailə yaşayır, hər birindən ayda üç manatdan yığırlar. Bir ara dedilər ki, yeni liftlər gətiriləcək, bunun üçün pul toplayırlar, amma heç nə olmadı. Vəsaiti yığdılar, sonra da yox elədilər. İndi bu liftlərə minib, ən yuxarı mərtəbəyə qalxanda, dua edirsən ki, sağ-salamat çata bilim. Liftin düymələrinin çox hissəsi işləmir. Məsələn, 4-cü mərtəbəyə çıxmaq istəsən, gərək lifti 6-cı mərtəbəyə qaldırıb, ordan aşağı düşəsən, çünki 4-cü mərtəbəyə aparan düymə işləmir. Bəzi düymələr isə ümumiyyətlə yoxdur".

Qeyd edək ki, bu liftlər həm də anti-sanitar vəziyyətdədir. Onsuz da bir neçə aydan, hətta ildən bir təmizlənən bloklara yay fəslində üfunət qoxusundan girmək olmur, liftlər isə ondan betər.

QEYD: Videoda gördüyünüz bu lift təkcə bir nəfəri daşımaqda çətinlik çəkir - silkələnir, dayanır, çətinliklə qalxır və enir. Düşünün ki, buna iki və ya daha çox sakin minsə, nəticə nə olar. Kimlərinsə "lift pulu" adı altında bina sakinlərini aldatması, pulları mənimsəməsi gələcəkdə həmin binalarda baş verə biləcək bədbəxt hadisələrə qapı açır. Hadisə olduqdan sonra hər kəs "lift ustası", "ekspert" olub, qurumları qınayacaq. Olmazmı ki, bu problem hər hansı bir bədbəxt hadisə baş vermədən öncə dərhal aradan qaldırılsın? Bir hadisə olmamışdan onun səbəblərini aradan qaldırmaq, hadisə olduqdan sonra nəticələrini aradan qaldırmaqdan daha asandır. bizimyol.info//

 

Dünyapress TV

Xəbər lenti